SİYASƏT
Rumıniyanın “Nine O’clock” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
Buxarest, 28 may, AZƏRTAC
Rumıniyanın nüfuzlu “Nine O’clock” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fərid Abdinbəyovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixini əks etdirən məqalə dərc edilib. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verilir, etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşa bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğu qeyd edilir. 1918-1920-ci illərdə qısa dövr ərzində ölkənin keçdiyi inkişaf prosesi, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar barədə məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli demokratiya, qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olduğu göstərilir. Məqalədə Azərbaycan xalqının milli şüurunun inkişafı və müstəqillik arzularının yenidən reallaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğu vurğulanır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest