ELM VƏ TƏHSİL
RUS BÖLMƏSİNİN ABİTURİYENTLƏRİNƏ AZƏRBAYCAN DİLİ FƏNNİNDƏN 30 TEST TAPŞIRIĞI TƏQDİM EDİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna əsasən, Azərbaycan dili fənnindən test imtahanı verməlidirlər. Nəticə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcəkdir. “Məqbul” alanlar ali və orta ixtisas təhsili müəssisələrinin qəbul imtahanlarına buraxılacaqlar.
İmtahanda abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim ediləcəkdir. Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 10-dan az olmamalıdır.
Rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənnindən imtahan iki dəfə - 2008-ci il mayın 3-də və iyunun 20-də Bakı, Naxçıvan, Sumqayıt və Gəncə şəhərlərində keçiriləcəkdir. Mayın 3-də keçirilən imtahanda iştirak etmək istəyənlər qəbul imtahanlarına buraxılmaq üçün ərizələrini aprelin 23-dək müvafiq sənəd qəbulu komissiyalarında (SQK) təsdiqlətməlidirlər.
Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün abituriyentlərə müəyyən olunmuş tarixlərdə “İmtahana buraxılış vərəqəsi” veriləcəkdir.
Abituriyent imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyət vəsiqəsini, 16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni, xarici dövlətlərin vətəndaşları milli pasportlarını və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqələrini, “Abituriyentin vəsiqəsi”ni mütləq özləri ilə götürməlidirlər.