ELM VƏ TƏHSİL
Rus dili fənni üzrə dərslik və metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminarlar keçirilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) rus dili fənni üzrə dərslik və metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminarlar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin (təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) 8-ci sinif üçün “Rus dili” dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsi aparılmışdır.
İclasda dərslik müəlliflərindən Solmaz Əliyeva və Nailə Zeynalova iştirak etmişlər.
Digər seminar ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.
İclaslarda dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilmişdir.
Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim olunacaqdır.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcəkdir.