ELM VƏ TƏHSİL
“RUS DİLİNİN TƏDRİS LÜĞƏTİ” KONFRANS İŞTİRAKÇILARINA TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) “Müasir linqvistika problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans çərçivəsində “dəyirmi masa” iclası keçirilmişdir. İclasın iştirakçılarına mərhum professor Firudin Hüseynovun tərtib etdiyi “Rus dilinin tədris lüğəti” (“Uçebnıy slovar russkoqo yazıka”) adlı yeni kitab təqdim edilmişdir.
BSU-nun elmi işlər üzrə prorektoru Məmməd Əliyev bildirmişdir ki, bu lüğət BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin təşəbbüsü ilə nəşr edilmişdir. Yeni nəşr uzun illər boyu bu ali məktəbin rektoru, sonra isə lüğət sektorunun rəhbəri vəzifəsində işləmiş F.Hüseynovun 70 illiyinə həsr edilmişdir.
Professor Təvəkkül Şükürbəyli professor Məmməd Tağıyevin şagirdi və onun işinin layiqli davamçısı olmuş F.Hüseynovun həyat və yaradıcılığından danışmışdır.
Akademik Vasim Məmmədəliyev Firudin Hüseynov haqqında xatirələrini söyləmiş, orta məktəblərin şagirdləri, tələbələr, eləcə də orta və ali məktəb müəllimləri üçün nəzərdə tutulan bu lüğətin praktik əhəmiyyətini vurğulamışdır.