SİYASƏT
RUS PRAVOSLAV KİLSƏSİNİN SƏDRİ BAKIYA GƏLƏCƏKDİR
Moskva, 4 noyabr (AZƏRTAC). Rus Pravoslav Kilsəsi xarici kilsə əlaqələri şöbəsindən bildirmişlər ki, bu il noyabrın 6-da Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Bakıya səfər edəcəkdir. Zati-müqəddəsləri Azərbaycan paytaxtında Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının Yeparxiya İdarəsində olacaq, habelə Mirodaşıyan Zövcələr Kilsəsində apostol Varfolomeyin ruhuna dualar oxuyacaqdır. Səfər çərçivəsində patriarx Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin anadan olmasının 60 illik və şeyxülislam kimi fəaliyyətinin 30 illik yubileyi münasibətilə tədbirlərdə iştirak edəcəkdir. Patriarxın bütün Gürcüstanın Katolikos Patriarxı II İlya ilə görüşü də nəzərdə tutulmuşdur.
Patriarx Kirillin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə Moskva Yeparxiyası inzibati katibliyinin başçısı Solneçnoqorski yepiskopu Sergiy, kilsə ilə cəmiyyətin qarşılıqlı münasibətləri üzrə sinod şöbəsinin sədri protoirey Vsevolod Çaplin, sinod informasiya şöbəsinin sədri V.Leqoyda, Moskva Patriarxlığı xarici kilsə əlaqələri şöbəsinin sədr müavini, protoirey Nikolay Balaşov daxil ediləcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva