MƏDƏNİYYƏT
Rusdilli tamaşaçıları dekabr ayında maraqlı səhnə əsərləri gözləyir
Bakı, 22 noyabr, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, 5-də Uilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşaları göstəriləcək.
Semyon Zlotnikovun pyesi əsasında hazırlanmış “Ər arvadını atıb getdi” melodramının premyerası dekabrın 6-da olacaq.
Teatrın kollektivi dekabrın 11-də Elçinin “Cəhənnəm sakinləri”, 13-də Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 14-də İlyas Əfəndiyevin “Büllur sarayda” səhnə əsərlərini nümayiş etdirəcək.
Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyniadlı tamaşa dekabrın 18-də, Mixail Lermontovun “Maskarad” dramı 19-da göstəriləcək.
A.P.Çexov adına Moskva Bədii Teatrı kollektivinin qastrolu çərçivəsində dekabrın 20-də “Evlənmək istəyənlər üçün təlimat” tamaşası təqdim olunacaq.
Rusdilli tamaşaçılar dekabrın 21-də Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər” lirik komediyasına baxa bilərlər.
Həmişə olduğu kimi, dekabr ayında da uşaqları yaddan çıxarmayan teatrın kollektivi 6-da Aleksandra Nikuşuna və Nadir Əzimovun “Güləbətin tikən qız və süpürgəçi”, 7-də Vladimir Neverovun “Nağılı tap!-2” tamaşalarını nümayiş etdirəcək.
Uşaqlar dekabrın 13-də Valentina Reznikovanın “Durnabalığının buyruğu ilə” tamaşasına baxa bilərlər.
Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ının premyerası dekabrın 14-də olacaq.
Yekaterina Çernyakın “Gözəl Vasilisa”sı ayın 20-də, Valentina Reznikovanın “Maşa və ayı” tamaşası 21-də göstəriləcək.
Teatrın səhnəsində dekabrın 24-dən 2015-ci il yanvarın 5-dək “Yeni il gecəsində sehrbazlıq” nağılı təqdim ediləcək.