İDMAN
“Rusiya 2018”: Bu gün üçüncü yerin sahibi müəyyənləşəcək
Bakı, 14 iyul, AZƏRTAC
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yerin sahibi iyulun 14-də müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, mundialın yarımfinalında məğlub olan Belçika və İngiltərə milliləri Bakı vaxtı ilə saat 18:00-da bürünc medallar uğrunda üz-üzə gələcəklər. Sankt-Peterburq şəhər stadionunda oynanılacaq görüşü iranlı referi Əlireza Faqani idarə edəcək.
Hər iki komanda dünya çempionatlarında ikinci dəfədir ki, bürünc medallar uğrunda oyuna çıxır. Belçika ilk dəfə 1986-cı ildə üçüncü yer uğrunda əsas vaxtı heç-heçə başa çatan görüşdə Fransaya məğlub olub - 2:4. İngiltərə yığması isə 1990-cı ildə ev sahibi İtaliya millisinə 1:2 hesabı ilə uduzaraq çempionatı medalsız başa vurub.
Bu komandalar “Rusiya 2018”də ikinci dəfə üz-üzə gəlirlər. Çempionatda mübarizəyə “G” qrupunda başlayan komandalar ilk iki görüşlərini qələbə ilə başa vurublar. Belçikalılar Panamanı 3:0, Tunisi isə 5:2 hesabı ilə məğlub ediblər. İngilislər isə Tunisi 2:1, Panamanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “G” qrupunda sonuncu görüşdə “qırmızı şeytanlar” “dumanlı albion” təmsilçisinə minimal hesabla qalib gəliblər.
Səkkizdəbir finalda Yaponiyanı (3:2), dörddəbir finalda isə beşqat dünya çempionu Braziliyanı (2:1) mübarizədən kənarlaşdıran Belçika millisi yarımfinalda Fransa yığmasına məğlub olub - 0:1.
“G” qrupunun ikincisi kimi səkkizdəbir finala yüksələn İngiltərə yığması isə bu mərhələdə əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək (4:3) dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda İsveçə 2:0 hesabı ilə qalib gələn ingilislər Xorvatiya ilə yarımfinal görüşündə hesabda irəli olmalarına baxmayaraq, oyunu məğlub tərk ediblər - 1:2.
Xatırladaq ki, dünya çempionatının finalında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Fransızlar ikiqat dünya çempionu olmaq, xorvatiyalılar isə kuboku ilk dəfə başları üzərinə qaldırmaq üçün mübarizə aparacaqlar. Final görüşünü argentinalı referi Nestor Pitana idarə edəcək.