İQTİSADİYYAT
Rusiya Azərbaycandan tərəvəz tədarük etməyi planlaşdırır
Bakı, 3 iyun (AZƏRTAC). Rusiya Pərakəndə Ticarət Şirkətləri Assosiasiyası və “Belaya daça”nın təsisçisi Viktor Semyonov Avropadan tərəvəz məhsulları idxalının qadağan olunması barədə Prezident Dmitri Medvedevə və baş nazir Vladimir Putinə müraciət etmək niyyətindədirlər. Rusiyanın “RBK daily” xəbərlər saytının verdiyi məlumata görə, iş adamlarının fikrincə, bu məsələdə tələsmək lazım deyil, əks halda tərəvəz məhsulları çeşidinin azalması və qiymətlərin artması təhlükəsi labüddür.
Riteylerlər Avropadan tərəvəz məhsulları idxalının qadağan edilməsinə kəskin münasibət bildirirlər. Onların proqnozlarında “qıtlıq” sözü səslənir. Hazırda onlar xaricdən gətirilməsi qadağan edilmiş tərəvəz məhsullarını piştaxtalardan yığışdırır və bu məhsulların əvəzinə hansı ölkələrdən - Ukrayna, Azərbaycan, Türkiyə, yoxsa Misirdən idxal etməyi planlaşdırırlar. Yeri gəlmişkən, Avropa Rusiyaya meyvə və tərəvəz ixrac edən ən böyük tədarükçüdür. Hər il bu ölkəyə təqribən 600 milyon avro dəyərində 1,1 milyon tona yaxın tərəvəz ixrac edilir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi bununla əlaqədar təşvişə düşməməyə çağırır. Kənd təsərrüfatı naziri Yelena Skrınnik demişdir: “Başqa ölkələrdə tərəvəz məhsulları istehsalı və idxalı daxili tələbatın tam ödənilməsi üçün kifayətdir. Hazırda Rusiyada tərəvəz mövsümü başlanır, MDB ölkələrindən tərəvəz satışının həcmi artır”. Nazir bu fikri dəqiqləşdirərək bildirmişdir ki, tərəvəz idxalının 70 faizi mövsümdən kənar dövrə - yanvar-aprel aylarına düşür.