DÜNYA
Rusiya Dövlət Duması “Türk axını” ilə bağlı sazişi yanvarda ratifikasiya edə bilər
Bakı, 20 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya Dövlət Duması qısa perspektivdə “Türk axını” (Turkish Stream) qaz boru kəməri ilə bağlı sazişi ratifikasiya edə bilər.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.
O, Dumanın 2017-ci ilin yanvarında “Türk axını” qaz boru kəməri üzrə sazişi ratifikasiya edəcəyini gözləyir: “Sazişə Beynəlxalq Məsələlər Komitəsinin ilk yaz sessiyası zamanı baxılacaq. Sazişin ratifikasiyası gələn ilin yanvarında gözlənilir”.
Xatırladaq ki, dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.
Dekabrın 6-da isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.
Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıblar.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.