MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Bahar süjetləri” fotomüsabiqəsinə yekun vurulmuşdur
Bakı, 30 mart (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) 8 Mart və Novruz bayramlarına həsr olunmuş “Bahar süjetləri” IV açıq həvəskar fotomüsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar. Müsabiqəni RİMM və Rusiyanın Azərbaycandakı səfirliyi təşkil etmişlər.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan Fotoqraflar Birliyinin rəhbərliyi, həmvətənlər təşkilatlarının, gənclər hərəkatlarının, yaradıcı ziyalıların nümayəndələri, tələbələr, məktəblilər iştirak etmişlər.
Müsabiqənin fevralın 10-dan martın 15-dək keçirilən seçmə turunda RİMM-in ünvanına 100-dən çox fotoşəkil daxil olmuşdur. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun və Azərbaycanın Əməkdar İncəsənət Xadimi Ələkbər Muradovun rəhbərlik etdiyi münsiflər heyəti çətin seçim qarşısında qalmışdır. Müsabiqənin qonaqları səsvermə yolu ilə “Tamaşaçı rəğbəti mükafatı” nominasiyasının qalibini müəyyən etmişlər.
Qaliblərin mükafatlandırılması konsert proqramı ilə müşayiət olunmuşdur.
RİMM-in xoreoqrafiya studiyası üzvlərinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin və bal rəqsləri beynəlxalq müsabiqəsinin laureatlarının çıxışları olmuşdur.
Çıxış edən qonaqlar böyüməkdə olan nəslin yaradıcı fəallığının artırılmasına kömək edən, habelə gənclərin peşəkar fotoqraflarla əlaqəsini genişləndirən bu cür müsabiqələrin əhəmiyyətindən danışmışlar.