MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində seminar keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində aparıcı mütəxəssislərin - Rusiyanın “Zlatoust” nəşriyyat mərkəzi (Sankt-Peterburq) müəlliflərinin iştirakı ilə “Rus dilinin xarici dil kimi tədrisi metodikası” mövzusunda seminarın açılışı olmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti, “Zlatoust” nəşriyyat mərkəzi və Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuşdur. Seminarın işində Bakı, Sumqayıt, Abşeron rayonu orta məktəblərinin 30 nəfər rus dili müəllimi iştirak etmişdir.
RİMM-in sərgi salonunda “Zlatoust” nəşriyyat mərkəzi müəlliflərinin rus dilinin tədrisi sahəsində ən yeni metodiki ədəbiyyatının ekspozisiyası təşkil olunmuşdur.
Seminarın açılışında iştirak etmiş Rusiya Həmvətənləri Təşkilatları Əlaqələndirmə Şurasının sədri Boris Voronin və “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Gülcan Myasoutova Rusiya mütəxəssislərinin öz təcrübəsini Azərbaycan rusistlərinə öyrətməsi baxımından belə tədbirin əhəmiyyətli olduğunu qeyd edərək bildirmişlər ki, Azərbaycanda rus dili və Rusiya mədəniyyətinin öyrənilməsinə daim yüksək maraq müşahidə edilir.
“Zlatoust” mərkəzinin böyük metodisti Anna Lyubivaya nəşriyyat haqqında qısa məlumat verərək bildirmişdir ki, fəaliyyət göstərdiyi 20 il ərzində mərkəz rus dilinin xarici dil kimi öyrənilməsinə dair metodiki materialların işlənib hazırlanması və istehsal edilməsi sahəsində liderə çevrilmişdir. “Zlatoust”un aparıcı Rusiya universitetləri ilə birlikdə hazırladığı dərs vəsaitlərindən Latın Amerikasından tutmuş Avstraliyayadək dünyanın bir çox ölkələrinin rus dili müəllimləri istifadə edirlər.
Rus dilinin tədrisi metodikası sahəsində aparıcı mütəxəssislər olan fəlsəfə elmləri namizədi, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Nina Kostyuk və “Zlatoust” mərkəzin müəllifi Tatyana Esmantova rus dili tədrisinin aktual problemlərinə dair məzmunlu mühazirələr oxumuş, oyun və innovasiya texnologiyalarını tətbiq etməklə ustad dərsləri keçirmiş, bir çox suallara cavab vermişlər.
Seminarın yekunları üzrə müəllimlərə Rusiya Federasiyasının dövlət nümunəli sertifikatları və rus dilinin tədrisinə dair dərs vəsaitləri dəstləri təqdim olunmuşdur.
Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov qeyd etmişdir ki, “Zlatoust” mərkəzi rus dilinin xarici dil kimi tədrisinə dair yüksək professional metodiki vəsaitlərin hazırlanması sahəsində Rusiyanın qabaqcıl nəşriyyatıdır. Onun buraxdığı vəsaitlərdən RİMM-in rus dili kurslarında tədris prosesi zamanı fəal istifadə edilir. O bildirmişdir ki, metodiki seminarın işi martın 31-də Gəncə Dövlət Universitetinin bazasında davam etdiriləcək və orada da Gəncənin, Azərbaycanın Qərb zonası rayonlarının orta məktəblərində çalışan rus dili müəllimləri iştirak edəcəklər.