MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Ədəbiyyat” adlı tədris vəsaitinin təqdimatı olmuşdur
Bakı, 3 iyul (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) yuxarı sinif şagirdləri, abituriyentlər və ədəbiyyat müəllimləri üçün “Ədəbiyyat” adlı tədris vəsaitinin təqdimatı olmuşdur. Dərsliyin müəllifi Bakı Slavyan Universitetinin (BSU) dosenti Antonina Tretyakovadır.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun, həmvətənlər təşkilatlarının nümayəndələri, ali və orta ümumtəhsil məktəblərinin müəllimləri, məktəbli gənclər iştirak etmişlər.
“Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin Azərbaycan Respublikasında rus dilinin və mədəniyyətinin təbliğində böyük rol oynadığını vurğulayan A.Tretyakova ədəbiyyata dair ətraflı materialın toplandığı, ədəbi proseslərin və hadisələrin elmi-praktik izahının təqdim olunduğu yeni məcmuədən söz açmışdır.
Məcmuənin müzakirəsində “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun prezidenti, “Mir Azerbaydjana” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmaylılov, BSU-nun professoru Lidiya Qranovskaya, BSU-nun professoru, filologiya elmləri doktoru İzabella İsmayılova və başqaları iştirak etmişlər.
Çıxış edənlərin, demək olar, hamısı qeyd etmişlər ki, yeni nəşrdə Rusiya, Azərbaycan və xarici ölkələr ədəbiyyatı klassiklərinin əsərlərinin ətraflı təhlili verilmişdir. Bu vəsait Azərbaycanın ali və orta məktəblərinin rus bölməsinin tələbə və şagirdlərinə böyük kömək olacaqdır.