MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində müəllif mahnısı gecəsi keçirilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Bakı” Müəllif Mahnısı Klubu ilə birgə təşkil edilmiş gecə keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rossotrudniçestvonun Bakı nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov müəllif mahnısı ifaçılarının yaradıcılığının dəstəklənməsi və təbliği istiqamətində klubun apardığı böyük təşkilati işi vurğulamış, mahnılarından ibarət diskinin Rusiyada çıxması münasibətilə “Bakı” Müəllif Mahnısı Klubunun prezidenti Cavid İmamverdiyevi təbrik etmişdir. Həmin mahnıların bir hissəsi gecənin konsert proqramında səslənmişdir.
Proqrama tanınmış müəllif mahnısı ifaçılarının, o cümlədən bir gün əvvəl klub tərəfindən V.Vısotskinin anadan olmasının 75 illiyi münasibətilə R.Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunmuş konsertdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş ifaçıların çıxışları daxil edilmişdi.
Gecənin aparıcısı, rejissor, prodüser, şair, mahnı müəllifi və ifaçısı, V.Qruşina adına Ümumrusiya Müəllif Mahnısı Festivalının diplomantı Cavid İmamverdiyev “Bakı” və “ŞHK” silsiləsindən olan mahnılarını ifa etmişdir.
Gürcüstan təmsilçisi, şair, mahnı müəllif və ifaçısı, Bakı Beynəlxalq Müəllif Mahnısı Festivalının Qran-pri mükafatının sahibi İrina Poroşina öz mahnılarını ifa etmişdir.
Klubun yaradıcılarından biri, Moskvanın tanınmış televiziya jurnalisti, əslən bakılı Robert Avadyayev müəllifi olduğu “Bakı” mahnısını, habelə A.Qaliç, İ.Brodski və O.Mandelştammın sözlərinə yazılmış mahnıları ifa etmişdir.