MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiya Gənclər Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 3 iyul (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Gənclər Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rossotrudniçestvonun Bakı nümayəndəliyinin və “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” (AQAT) gənclər təşkilatının təşkil etdikləri tədbirdə respublikanın aparıcı gənclər birliklərinin və rusiyalı həmvətənlər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
“Dəyirmi masa”da Rusiya və Azərbaycan gənclərinin iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı səmərəli fəaliyyətinin perspektivləri müzakirə edilmişdir.
AQAT rəhbərinin müavini Nərgiz Eyvazova Azərbaycanın milli azlıqlarının gənclər birliklərinin daxil olduqları qurumun Əlaqələndirmə Şurasının fəaliyyətindən söz açaraq vurğulamışdır ki, Rus İcmasının gənclər birliyi respublikada həyata keçirilən tədbir və layihələrdə fəal iştirak edir.
Rossotrudniçestvonun Bakı nümayəndəliyi rəhbərinin müavini Ravil Zaripov bildirmişdir ki, gənclər təşkilatları ilə sıx əlaqələrin yaradılması nümayəndəliyin prioritet vəzifələrindən biridir.
Diskussiya iştirakçıları Azərbaycan və Rusiya gənclərinin qarşılıqlı münasibətləri barədə fikir mübadiləsi aparmış, gələcək əməkdaşlıq planlarını müzakirə etmişlər.