SİYASƏT
Rusiya mətbuatı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə materiallar dərc edib
Moskva, 10 may, AZƏRTAC
Rusiya mətbuatı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının rəsmi orqanı olan “Parlamentskaya qazeta” “Heydər Əliyev: problemləri görən lider” sərlövhəli məqaləsində Heydər Əliyevi Azərbaycanın simvolu adlandırıb. Qəzet yazır ki, Heydər Əliyev SSRİ-nin ən parlaq rəhbərlərindən biri olub. “Onu başqalarından fərqləndirən və ona sovet vətəndaşları arasında populyarlıq qazandıran cəhət şəxsi ünsiyyətə üstünlük verməsi, problemləri yerində həll etmək bacarığı idi”, - deyə məqalədə vurğulanır.
“Rossiyskaya qazeta” nəşri “Heydər Əliyev: tarixi şəxsiyyət” məqaləsində Ulu Öndərin fəaliyyətinin Moskva dövründən söhbət açarkən Heydər Əliyevi ən irimiqyaslı qlobal problemləri həll etməyə qadir şəxsiyyət kimi səciyyələndirib. Qəzet Heydər Əliyevi “Azərbaycanın Atatürkü” adlandıraraq yazır ki, onun rəhbərlik etdiyi dövrdə Azərbaycanda köklü dəyişikliklər baş verib: “Məhz Heydər Əliyevin timsalında şəxsiyyətin tarixdə necə rol oynadığını görmək olar. İndi Azərbaycan Şərq və Qərb sivilizasiyaları arasında etibarlı körpü rolunu oynayır, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib”.
“Ura.news” nəşri Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərində rolunun təhlilinə geniş yer verib, görkəmli şəxsiyyətlərin onun haqqında xatirələrini bölüşüb.
“Komsomolskaya pravda” qəzetində dərc olunmuş “Çiçəklənən Azərbaycanın təməlini qoymuş Heydər Əliyevin 100 illiyi qeyd edilir” adlı məqalədə deyilir ki, müasir Azərbaycanı Heydər Əliyevsiz, onun tarixi irsi olmadan təsəvvür etmək mümkün deyil: “Məhz onun 90-cı illərdə hakimiyyətə qayıdışı ilə ölkə daxili qanlı münaqişələrdən xilas ola bildi, əsl müstəqillik yoluna qədəm qoydu. Bu isə heç də asan deyildi. Axı suverenliyi qoruyub saxlamaq və inkişaf etdirmək onu əldə etməkdən daha çətindir”.
Rusiyanın “Rossiya-1” telekanalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tamaşaçılarına Saida Medvedevanın çəkdiyi sənədli filmi təqdim edib. Filmdə vurğulanır ki, Heydər Əliyev müasir Azərbaycanın simvoludur. O, ürəkdən xidmət etdiyi Azərbaycanı güclü, nüfuzlu dövlətə çevirib, xalqı birləşdirib.
“News.ru” nəşrinin “Müdrik və uzaqgörən lider: Heydər Əliyev tarixin yaddaşında necə qalıb?” adlı məqaləsində 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu bildirilir. Nəşr yazır ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin yüksəliş dövrü olub. Məqalədə Rusiya xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, 2001-2009-cu illərdə Moldovanın Prezidenti olmuş Vladimir Voronin və başqalarının Heydər Əliyev haqqında fikirləri yer alıb.
“Moskovskiy komsomolets” qəzetindəki “Əliyev Azərbaycanın əfsanəsidir” məqaləsində yazılıb ki, Azərbaycanın tarixində 15 iyun Milli Qurtuluş Günü adlanır. Azərbaycan cəmiyyəti xaos və vətəndaş müharibəsi astanasında olduğu bir vaxtda məhz həmin gün Heydər Əliyev hakimiyyətə gəlib, ölkəni bu bəlalardan xilas edib. Materialda politoloqlar Fuad Axundov və Sergey Markovun Ulu Öndər barədə sözləri təqdim olunur.
“Nezavisimaya qazeta” Qriqori Bondarevin “Heydər Əliyevin hakimiyyət formulu dəyişən epoxaların çağırışlarına cavab kimi” adlı məqaləsini dərc edib. Müəllif yazır: “Müasir Azərbaycanın banisi Heydər Əliyevin idarəçilik formulunu çox zaman sovet dövrünün süqutu zamanı sistemli modernləşmə zərurətindən irəli gələn çağırışlara cavab adlandırırlar”. Məqalədə Ulu Öndərin SSRİ və Azərbaycan tarixində rolundan, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində xidmətlərindən bəhs edilir.
“İnfo24” internet nəşri Qarabağın azad edilməsini Heydər Əliyevin 100 illik yubileyinə ən yaxşı töhfə adlandırıb. Nəşrin Ulu Öndərin yubileyi ilə bağlı hazırladığı materialda hərbi ekspert İqor Korotçenko, Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin fikirləri əksini tapıb.
“Arqumentı i faktı” qəzeti Ümummilli Liderin yubileyinə həsr etdiyi məqaləni “Heydər Əliyev. Siyasətçi necə əfsanəyə çevrilir” sərlövhəsi ilə dərc edib. Məqalədə qeyd olunur ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanda sovet dövründən qalan yaxşı nə var idisə qoruyub saxlamağa və onları yeni inkişaf variantları ilə birləşdirməyə çalışıb. “1994-cü ilin yazında o, Qarabağda münaqişəni, ölkədə daxili siyasi qarşıdurmaları dayandırmağı bacardı. Bununla da ölkənin dirçəliş dövrü başladı. Azərbaycanın yüksəliş dövründə dünyasını dəyişdi və ölümündən sonra əfsanəyə çevrildi”, - deyə məqalədə bildirilir.
“Mejdunarodnaya jizn” jurnalının Ulu Öndərə həsr olunmuş məqaləsində bildirilir ki, bu gün müstəqil Azərbaycanın banisi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, mürəkkəb yol keçib və hər zaman öz xalqına sadiq qalıb.
Rusiyanın Birinci televiziya kanalının Ümummilli Liderin yubileyi münasibətilə hazırladığı süjetdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçılarla öz xatirələrini bölüşüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva