İQTİSADİYYAT
Rusiya: OPEC-in İstanbulda razılığa gələcəyi ehtimal olunmur
Bakı, 8 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya gələn həftə İstanbulda baş tutacaq qeyri-rəsmi görüşdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hasilatı azaltmaqla bağlı rəsmi razılıq əldə edəcəyini gözləmir.
AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak bu fikirdədir.
“Hər hansı bir razılığın əldə olunacağını gözləmirəm. Görüşdə yalnız müzakirələr aparılacaq”, - deyə A.Novak əlavə edib.
Qeyd edək ki, oktyabrın 9-13-də İstanbulda işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində OPEC-ə üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşü keçiriləcək. Azərbaycanın da təmsil olunacağı görüşdə Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirləri məsləhətləşmələr aparacaq. Kartelə üzv olmayan ölkələrindən - Braziliya, Qazaxıstan, Meksika və Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı görüşün oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur.