DÜNYA
Rusiya Prezidenti Yaponiya ilə ərazi mübahisəsinin həlli üçün səyləri artırmağa çağırmışdır
Tokio, 22 fevral (AZƏRTAC). NHK kanalının yaydığı məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin ümid etdiyini bildirmişdir ki, Yaponiyanın Baş naziri Şinzo Abe ilə yaxın vaxtlarda keçiriləcək sammit ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir. O, həmçinin hər iki tərəfi Yaponiyanın qaytarmağa çalışdığı dörd şimal adası ilə bağlı mübahisəni həll etmək üçün səyləri artırmağa çağırmışdır.
V.Putin bu barədə fevralın 21-də Kremldə Yaponiyanın sabiq Baş naziri Yoşiro Mori ilə görüşündə danışmışdır. Y.Mori Baş nazir Şinzo Abenin xüsusi nümayəndəsi kimi hazırda Moskvada səfərdədir. Görüşün təqribən bir saata yaxın davam etdiyi bildirilir.
Görüş zamanı Y.Mori Yaponiyanın Baş nazirinin şəxsi məktubunu Rusiya Prezidentinə təqdim etmişdir. Qonaq bildirmişdir ki, Ş.Abenin Rusiyaya yaxın vaxtlarda baş tutacaq səfəri nəticəsində 2013-cü il Yaponiya və Rusiya arasında yeni münasibətlərin qurulmasında mühüm dövr olacaqdır. Ş.Abenin Rusiyaya səfərini gözlədiyini deyən V.Putin bunun ikitərəfli əlaqələrin sonrakı inkişafı istiqamətində ilk addım olacağına ümid etdiyini bildirmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio