SİYASƏT
RUSİYA SƏFİRİ HEYDƏR ƏLİYEV FONDUNUN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Bakı, 6 fevral (AZƏRTAC). Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov fevralın 6-da C.Cabbarlı adına Gənclər Kitabxanasında keçirilmiş tədbirdə vurğulamışdır ki, Azərbaycanın birinci xanımı ölkəyə, xalqa hər sahədə böyük qayğı və diqqət göstərir.
Azərbaycanın birinci xanımının Heydər Əliyev Fondunun prezidenti kimi öz üzərinə ciddi və məsuliyyətli bir missiyanı götürdüyünü xatırladan səfir Mehriban xanım Əliyevanın bu şərəfli işin öhdəsindən layiqincə gəldiyini bildirmişdir. O demişdir ki, Heydər Əliyev Fondunun rəhbərliyi xüsusən humanitar məsələləri əhatə edən çox əhəmiyyətli proqramlar, layihələr həyata keçirir. Bu yaxınlarda mən də belə proqramlardan birinin iştirakçısı oldum. Biz Heydər Əliyev Fondunun rusiyalı biznesmenlərlə birlikdə reallaşdırdığı layihəyə əsasən, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzinin təməlqoyma mərasimində iştirak etdik. Ola bilsin ki, başqa şəraitdə belə məsələlər vaxt və imkanlar baxımından müəyyən müddətə təxirə salına bilər, yubanar və belə keyfiyyətlə icra olunmazdı. Ancaq məhz Azərbaycanın birinci xanımının səyləri və yüksək təşkilatçılıq bacarığı sayəsində həmin layihələr sürətlə və keyfiyyətlə həyata keçirilir”.
######