İQTİSADİYYAT
Rusiya və Azərbaycan neft sektorunda əməkdaşlığın davamlı inkişafı üçün yaxşı perspektivlər vardır
Bakı, 5 iyul (AZƏRTAC). İyulun 5-də ARDNŞ-in baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiya Federasiyasının “Rosneft” şirkətinin prezidenti İqor Seçin ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, İqor Seçini və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Rövnəq Abdullayev Rusiya ilə Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirmiş, iki ölkənin neft-qaz sektorunda böyük təcrübəyə malik əməkdaşlıq əlaqələrinin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmişdir. O, Rusiya və Azərbaycan neftçiləri arasında həmişə mehriban və səmimi işgüzar münasibətlər olduğunu xatırlatmış və bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə cari ilin əvvəlində ARDNŞ-in Rusiyada nümayəndəliyinin yaradıldığını diqqətə çatdırmışdır.
Rövnəq Abdullayev “Rosneft”in prezidenti və yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfərinin neft-qaz sənayesində əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını söyləmişdir.
“Rosneft” şirkətinin prezidenti İqor Seçin səmimi görüş və yüksək səviyyəli qonaqpərvərlik üçün təşəkkürünü bildirmiş, bu görüşdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını və dövlət başçısının belə bir fikri ilə tam razılaşdığını söyləmişdir ki, Rusiya və Azərbaycanın neft sektorunda əməkdaşlığının davamlı inkişafı üçün yaxşı perspektivlər vardır.
ARDNŞ-in regionda ən böyük şirkətlərdən biri olduğunu vurğulayan İqor Seçin əmin olduğunu bildirmişdir ki, iki şirkət arasında müxtəlif fəaliyyət sahələrində əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da inkişaf edəcək və daha yüksək səviyyəyə qalxacaqdır.
Sonra “ARDNŞ və “Rosneft”: əməkdaşlığın perspektivləri” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda iki şirkətin Azərbaycan və Rusiyada, habelə üçüncü ölkələrdə fəaliyyət istiqamətləri geniş əks olunmuşdur.
Tərəflər hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulamış, bu potensialın gerçəkləşdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini qeyd etmişlər.