İQTİSADİYYAT
Rusiya və Hindistan "Şimal-Cənub" dəhlizi ilə yükdaşımalarının təşkili üçün birgə operator yaradacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
"Rusiya Dəmir Yolları" və "Hindistan Dəmir Yolları" "Şimal-Cənub" dəhlizi vasitəsilə yükdaşımalarının təşkili üçün birgə operator yaradılmasına dair memorandum imzalayacaq.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə "Rusiya Dəmir Yolları" baş direktorunun birinci müavini Aleksandr Mişarin bildirib.
"Şirkətin əməkdaşlığının mühüm istiqamətlərindən biri bu dəhliz vasitəsilə daşımaların təşkil edilməsidir. Hesab edirik ki, bu, Rusiya vasitəsilə Hindistandan Avropaya və əks marşrutla daşımaların, tranzit həcminin artırılmasına imkan yaradacaq ən vacib layihələrdən biridir", - deyə A.Mişarin qeyd edib.
A.Mişarin memorandum çərçivəsində, Hindistana qatarların hərəkət xidməti üçün texnikanın nəqlinin müzakirə olunduğunu və dəmir yolu kadrlarının birgə hazırlığı, ali məktəblər arasında mübadilə və birgə layihələrin hazırlanmasının planlaşdırıldığını deyib.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən Qərbi və Şimali Avropa ölkələrinə malların daşınması üçün nəzərdə tutulub. Layihədə, həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi də nəzərdə tutulub. Dəhlizin əsas üstünlüyü çatdırılma müddətinin iki və ya üç dəfə azalmasıdır. Birinci mərhələdə dəhlizlə ildə 5 milyon ton yük daşımaq planlaşdırılır.