DÜNYA
Rusiyada miqrantlar icbari tibbi sığorta hüququndan məhrum ediləcəklər
Moskva, 19 may, AZƏRTAC
Rusiya Maliyyə Nazirliyi icbari tibbi sığorta polisi almaq hüququ olan miqrantların sayının azaldılması barədə bu ölkənin Səhiyyə Nazirliyinin təklifini dəstəkləyib.
Büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrdən - Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandan olan miqrantların ailə üzvlərinin Rusiyada icbari tibbi sığorta polisi almaq hüququ ləğv edilir. Bu ölkələrdən olan miqrantlar yalnız özləri pulsuz tibbi yardımdan istifadə edə biləcəklər.
Eyni zamanda, əmək müqaviləsi ilə deyil, digər əsaslarla, məsələn, vətəndaş-hüquq müqaviləsi, yəni, vətəndaşlar və ya hüquqi şəxslər arasında bağlanmış müqavilələr əsasında Rusiyada işləyən miqrantlar da icbari tibbi sığorta hüququndan məhrum ediləcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva