DÜNYA
Rusiyada müharibə və ya millətlərarası ədavəti təbliğ edən internet saytları “qara siyahı”ya düşə bilər
Moskva, 30 iyul (AZƏRTAC). İyulun 30-dan Rusiyada uşaq pornoqrafiyası, narkotiklər və intihar təbliğ edən saytlar üçün “qara siyahı” yaradılması haqqında qanun qüvvəyə minmişdir.
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qanun “Rossiyskaya qazeta” nəşrinin saytında dərc edilmişdir.
Qanuna görə, saytların və səhifələrin şəbəkə ünvanları qadağan edilmiş resurslar siyahısına avtomatik olaraq düşməyəcəkdir. Bu sahədə qayda-qanununa nəzarətçi orqan – Rusiya Federasiyası Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmət (“Roskomnadzor”) nəzarət edəcək və qanunsuz informasiyalar yayan saytların monitorinqinə dair vəzifələri qeyri-kommersiya təşkilatının üzərinə qoyacaqdır.
Bu cür resurslar aşkar edildikdən sonra qeyri-kommersiya təşkilatı məlumatları “Roskomnadzor”a təqdim edəcək və xidmət qeyri-leqal məzmunlu mətn yerləşdirmiş internet-resursun sahibinə xəbərdarlıq edəcəkdir. Bir sutka ərzində mətn silinməsə, bunu xostinq-pravayder edəcəkdir. Əgər bu tələb yerinə yetirilməsə, resurs “qara siyahı”ya daxil ediləcəkdir.
Xidmət internetdə müharibə və millətlərarası ədavətin təbliğ edilməməsinə də nəzarəti həyata keçirəcəkdir. Bu cür məzmunlu mətnlər yerləşdirmiş resursların “qara siyahı”ya salınması yalnız məhkəmə vasitəsi ilə mümkündür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva