MƏDƏNİYYƏT
Rusiyada Riad Məmmədovun “Muğam-süita” əsərinin premyerası olacaq
Moskva, 29 avqust, AZƏRTAC
Rusiyanın Krasnoyarsk filarmoniyasında Azərbaycan soylu rusiyalı pianoçu və bəstəkar Riad Məmmədovun fortepiano, tar və simli orkestr üçün “Muğam-süita” əsərinin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, premyera sentyabrın 3-dən 13-dək Krasnoyarskda keçiriləcək 20-ci Beynəlxalq “Asiya-Sibir-Avropa” festivalı çərçivəsində təşkil ediləcək.
Filarmoniyanın səhnəsində Krasnoyarsk kamera orkestri (kollektivin bədii rəhbəri, RF Əməkdar incəsənət xadimi Mixail Benyumov), solistlər Əliağa Sədiyev (tar), Riad Məmmədov (fortepiano) və dirijor Mixail Merinq çıxış edəcəklər.
Riad Məmmədov həm də özünün “I hope this night will never end” (“Ümidvaram ki, bu gücə heç vaxt başa çatmayacaq”) silsiləsinə daxil olan pyesləri ifa edəcək.
“Asiya-Sibir-Avropa” Beynəlxalq kamera-orkestr musiqisi festivalı Krasnoyarskda 2001-ci ildən keçirilir. Duetlərdən başlamış bir neçə kollektivin eyni səhnədə birgə çıxışına qədər çoxplanlı unikal janr palitrası ilə seçilən bu unikal mədəni hadisə hər il tamaşaçıları müxtəlif ölkələrin milli çalğı alətləri ilə tanış edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva