DÜNYA
Rusiyada texniki defolt gözlənilmir
Moskva, 17 mart, AZƏRTAC
Rusiya avroistiqrazlar üzrə gəlirləri ödəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya avroistiqrazlarının alıcılarına 117,2 milyon dollar məbləğində kupon gəliri ödənilib. Beləliklə, Rusiyanın suveren dövlət borcuna dair texniki defoltun baş verəcəyi gözlənilmir.
Ekspertlər Rusiyanın martın 15-16-da avroistiqrazlar üzrə borcunu ödəyə bilməyəcəyi təqdirdə, suveren dövlət borcu ilə bağlı texniki defolt gözlənildiyini bildirirdilər.
Maliyyə naziri Anton Silunov xəbərdarlıq etmişdi ki, Rusiyanın beynəlxalq ehtiyatlarının bir hissəsinin dondurulması üzündən xarici banklar ödənişi yerinə yetirə bilməsələr, ölkə öhdəliklərini rublla ödəyəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva