İQTİSADİYYAT
RUSİYANIN “BALTİKA” ZAVODU “BAKI-KASTEL”İN SƏHMLƏRİNİ ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də “Hyatt-Regency” mehmanxanasının “Bakı” zalında Rusiyanın “Baltika” nişanının Azərbaycanda fəaliyyət göstərən “Bakı-Kastel” zavodunun səhmlərinin böyük əksəriyyətini alması ilə bağlı tədbir keçirilmişdir.
“Baltika” səhmlərin 90 faizini alaraq Bakıdakı zavodun faktiki sahibinə çevrilmişdir. İndiyədək “Xırdalan”, “Bizim pivə”, “33 export” adları ilə məşhur olan Azərbaycan istehsallı pivələr bundan sonra “Baltika” nişanı və keyfiyyəti ilə istehsal olunaraq bazara buraxılacaqdır.
“Baltika”nın prezidenti Anton Artyomov “Baku-Castel” zavodunda həyata keçiriləcək islahatlar barədə məlumat verərək demişdir ki, Azərbaycanda bu adda pivə istehsalını təmin etmək üçün 20 milyon dollar məbləğində investisiya qoyulmuşdur. İstehsalın keyfiyyətini artırmaq məqsədi ilə zavodun avadanlığı yeniləşdirilmiş, bəzi sexlər bütünlüklə modernləşdirilmişdir.
Sahibinin dəyişdirilməsinə baxmayaraq, zavodun adı hələ ki, dəyişməyəcəkdir. Pivə məhsulları yerli xammaldan hazırlandığına görə qiymətlərdə də artımın olacağı gözlənilmir. Zavod ildə 2 milyon hektalitr məhsul istehsal etməyi planlaşdırmışdır.
Məhsulların satışı distribüter modeli ilə yayılacaqdır. Azərbaycanda istehsal olunacaq “Baltika” pivələri həm də ixrac üçün nəzərdə tutulmuşdur.