RUSİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov qonaqları salamlayaraq, suverenlik haqqında Bəyannamənin qəbul olunmasının əhəmiyyətindən danışdı. O dedi: “Bəyannamə Rusiyanın imperiya keçmişinə son qoymaq, keçmiş SSRİ-nin tərkibində olmuş bütün respublikalara onların seçimini və suveren, müstəqil dövlət kimi öz tarixi yolu ilə getmək arzusunu alqışladığımızı bildirmək, Rusiyanın öz tarixindəki ağır səhifəni çevirdiyini və yeni yola – demokratiya və tərəqqi yoluna qədəm qoyduğunu elan etmək üçün qəbul olunmuşdur”.
Səfir Rusiya dövlətinin dünya ölkələri ilə münasibətlərindən söz açaraq, Azərbaycan Respublikası ilə gözəl münasibətlər yaradılması faktını vurğuladı. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralda Moskvaya ilk rəsmi səfəri zamanı hər iki ölkənin prezidentləri də bildirmişlər.
Sonra N.Ryabov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, habelə cansağlığı, uğurlar və firavanlıq arzularını səfirliyin kollektivinə, qəbulun iştirakçılarına yetirdi. Diplomat həmçinin xüsusi vurğuladı ki, Azərbaycanın yeni Prezidentinin fəaliyyətini müşahidə əsasında inamla demək olar ki, xalq dəqiq və düzgün seçim etmişdir, bu liderlə tərəqqi və demokratiya yolu ilə gedəcəkdir. Rusiya isə bu xətti hər vasitə ilə dəstəkləyəcək və xalqlarımızın dostluğunu möhkəmləndirəcəkdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov milli bayram münasibətilə Rusiya xalqını, rəsmi qəbulun bütün iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından, habelə parlamentin deputatları və şəxsən öz adından təbrik etdi.
Parlamentin sədri dedi ki, Azərbaycan-Rusiya əlaqələri dərin köklərə əsaslanır, xalqlarımız arasında dostluğun çoxəsrlik tarixi var. Ona görə də Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əlaqələrin dərinləşməsinə və inkişafına həmişə böyük əhəmiyyət vermişdir. M.Ələsgərov Azərbaycanla Rusiyanın dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolunu və xidmətlərini qeyd edərək vurğuladı ki, məhz onun təşəbbüsü ilə bu dostluq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Milli Məclisin sədri ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqdan ətraflı bəhs etdi, habelə bildirdi ki, Azərbaycan Rusiyanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması məsələsində Rusiyanın dəstəyinə böyük ümid bəsləyir.
Sonra bayram konserti oldu.
Qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri, xarici ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.