MƏDƏNİYYƏT
Rusiyanın nüfuzlu nəşri III Qəbələ beynəlxalq musiqi festivalı haqqında məqalə dərc etmişdir
Bakı, 9 avqust (AZƏRTAC). Rusiyanın nüfuzlu nəşri olan “Nezavisimaya qazeta” III Qəbələ beynəlxalq musiqi festivalı haqqında “Musiqi yarımstansiyası. Qəbələni məşhurlaşdıran təkcə radiolokasiya stansiyası deyildir” adlı məqalə dərc etmişdir. AZƏRTAC bu məqaləni oxucuların diqqətinə çatdırır.
Azərbaycanın şimalında yerləşən Qəbələdə Üçüncü musiqi festivalı başa çatmışdır. Təşkilatçılar əvvəlcədən yüksək yaradıcılıq meyarlarına üstünlük vermişlər: burada ən tanınmış musiqiçilər çıxış edirlər. Bu dəfə onların əksəriyyəti Rusiya musiqiçilərindən ibarət idi.
Qəbələyə gedən yol asan deyildir: Bir neçə saat avtobusla, uzun və təhlükəli yolda yerli sürücülər “ustalıq” nümayiş etdirirlər. Çöl mənzərəsi tədricən dağ silsilələri ilə əvəz olunur, yanmış torpaqdan sonra ağaclar görünməyə başlayır, onların çətirləri yola kölgə salaraq yaşıl dəhliz yaradır. Lakin avtobusdan düşən kimi yuxusuz gecənin əvəzini çıxırsan: bir udum təmiz hava (elə təmiz hava ki, siqaret hərisləri əziyyət çəkir - nikotinin təsiri dərhal yox olur) və gözəl dağ mənzərəsi yorğunluğu dərhal çıxarır.
Günəş batandan sonra amansız istini dağ rayonlarının iqlimi üçün səciyyəvi olan sərinlik əvəz edir. Buna görə də konsertlər axşam saat doqquzda başlanır.
Hər dəfə festivalda bir orkestr qonaq olur, Qərbdə buna “orkestr iqamətgahdadır” deyirlər: birinci dəfə İsrail orkestri, ikinci dəfə London orkestri, üçüncü dəfə isə bizim “Novaya Rossiya”. Açılış konsert Prokofyevin qüdrətli akkordları ilə başlanır, Yuri Başmet “Romeo və Cülyettadan” süitaya dirijorluq edir. Sergey Leyferkus Raxmaninovun “Aleko”sundan məşhur ariyasını oxuyur, Alyona Bayeva Bizenin “Karmen” operasından virtuoz ifası ilə tamaşaçını valeh edir, “Terem-kvartet” isə, həmişə olduğu kimi, Pyatsollanın Libertanqosunu çılğınlıqla təqdim edir.
Növbəti konsertlərin proqramı da çox yaddaqalandır: Sergey Krılov Mendelsonun skripka üçün konsertini, Denis Matsuyev Çaykovskinin konsertini, Boris Berezovski Listin hər iki konsertini ustalıqla ifa edirlər. Sergey Leyferkus Raxmaninovun və Darqomıjskinin romansları ilə çıxış edir (artıq qapalı kamera zalında). O, həmişə olduğu kimi, yenə də Darqomıjskinin romanslarında səciyyəvi kiçik insan obrazları ilə, Raxmaninovun romanslarında isə dərin ehtiras və kədər hissləri ilə yadda qalır. Müğənninin kiçik həmkarı - gənc norveçli bariton Audun İversen məlahətli səs, əla texnika (vokal ilə 22 yaşında məşğul olmağa başladığına baxmayaraq) nümayiş etdirir və tamaşaçıları öz Fiqarosu və Don Juanı ilə məftun edir. Moskva tənqidçiləri solistlə söhbət zamanı ona tezliklə paytaxtda konsert verməyi arzuladılar. O, isə cavabında bildirdi ki, yazda böyük teatrda Onegini ifa edəcəkdir.
Hətta peşəkarların əksəriyyəti üçün yeni kəşf milli musiqi oldu. Bir tərəfdən, bu, muğamdır, musiqi dastanıdır: müğənnilər xalq çalğı alətlərinin müşayiəti ilə poetik mətnlər ifa edirlər. Bu janr əslində itmək üzrə idi və son vaxtlar musiqişünaslar və bəstəkarlar ənənəni bərpa etməyə və təbliğat aparmağa başladılar (özü də muğam YUNESKO tərəfindən şifahi yaradıcılıq abidəsi adlandırılmışdır). Digər tərəfdən, müasir bəstəkarların peşəkar musiqisi: Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Ravelin “Bolero”su, Azər Rzayevin skripka üçün birinci konserti, virtuoz çıxışlar... Hər iki əsərdə XX əsr bəstəkarlarının yaradıcılığına xas olan mürəkkəb harmoniya, koloritli tembr ahəngi, mürəkkəb ritmik çizgilər duyulur.
Festivalın bədii rəhbəri, violonçelist və dirijor Dmitri Yablonski bizi fortepiano fabrikinə aparır. Burada, Qəbələdə bir neçə il bundan əvvəl pianino və royal istehsalına başlamışlar. Firmanın banisi və texnologiyanın sahibi Yohann Betmanın nəvəsi Hans Lefernik bundan əvvəl Çində zavod açmaq istəmişdi, lakin saxta Çin materiallarından deyil, ən yaxşı materiallardan istifadə etmək arzusunu həyata keçirə bilmədiyindən istehsalı dayandırmağa məcbur olmuşdu. Azərbaycanda isə məxsusi olaraq Avstriyada yetişdirilmiş ağacdan, ən yaxşı mexanikadan (“Stenvey” royalları üçün sifariş edilənlərdən) və s. istifadə edilir.
Tamaşaçılar müxtəlifdir. Bir dəfə qonşuluğumdakılar məxsusi olaraq Bakıdan bu festivala gəlmiş ana və qızı idi, ikinci dəfə - Qəbələ radiolokasiya stansiyasında xidmət edən Rusiya hərbi qulluqçu ailəsi: bu festival onlar üçün də sözün məcazi mənasında bir udum təmiz havadır. Kimisi gözünü səhnədən çəkmədən musiqiyə qulaq asır, kimisi mobil telefonla ucadan danışır... Sonuncular ildən-ilə azalır. Yuri Başmet həmişə deyir ki, hər cür insanlar üçün çalmaq lazımdır, əgər onların heç olmasa birində, xüsusən uşaqlarda maraq oyada bilsən - bu, artıq nəticədir.