“Saab” tarixinin son fəsli
Stokholm, 22 may, AZƏRTAC
“Saab”ın iflasından 15 il sonra İsveçin Trollhettan şəhərində əfsanəvi avtomobil istehsalçısının tarixinin son fəsli yazılır.
AZƏRTAC xəbər verir ki, “Saab”ın varisi olan “NEVS” şirkəti brendin son yeddi avtomobilini — hazırda muzey eksponatları kimi dəyərləndirilən prototipləri və sınaq avtomobillərini rəqəmsal hərraca çıxarıb.
Şirkət uzun illər avtomobil istehsalını davam etdirməyə və avtonom “Pons” mikroavtobusu, eləcə də “Emily GT” elektrik avtomobili kimi yeni layihələr hazırlamağa çalışsa da, investor tapa bilməyib.
Özünün ən yüksək inkişaf dövründə Trollhettandakı “Saab” zavodu təxminən 10 min nəfəri işlə təmin edir və İsveç sənayesinin simvollarından biri sayılırdı. Hazırda zavodun bəzi binaları artıq sökülüb, təkrar emal olunmuş betondan isə miniatür “Saab” suvenirləri hazırlanır.
Bu həftə “NEVS” pandemiya dövründə yığılan 120 milyon kron (təxminən 13 milyon ABŞ dolları) məbləğində vergi borcunun son ödənişini həyata keçirir.
Mayın 30-da Trollhettanda son hərrac və pərəstişkarlarla görüş keçiriləcək.
Tədbirə maraq olduqca böyükdür — “Saab” həvəskarları əfsanəvi brendlə vidalaşmaq üçün hətta xarici ölkələrdən də gəlirlər.
“NEVS” əvvəllər ehtiyat hissələrinin, köhnə çertyojların və digər xatirə məhsullarının satışını təşkil edərkən həm İsveçdə, həm də xaricdə böyük maraq görüb.
“Belə insanlar var idi ki, növbədə birinci olmaq üçün dayanacaqda gecələyirdilər. İndi isə insanlar Macarıstan və Niderlanddan zəng edərək nə vaxt gələ biləcəklərini soruşurlar”, — deyə “NEVS”in keçmiş əməliyyat direktoru Ula Eynarsson bildirib.