REGİONLAR
Saatlı narı Avropaya ixrac olunur VİDEO
Saatlı, 7 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonu ərazisindəki aqroparkda innovativ texnologiya ilə becərilən nar bağında bu il bol məhsul yetişib. Dənələrinin iri olmasına və çəkisinə görə çeşidlənən narlar daxili bazarla yanaşı, həm də xaricə göndərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlının Azadkənd kəndi ərazisindəki İD parkının yaradılmasında dövlət dəstəyinin önəmli payı olub. Aqroparkın ərazisi 7 min hektara yaxındır, onun da əsas hissəsini bağçılıq təşkil edir. Hazırda aqroparkın nar bağında yığım mövsümü başlayıb və bol məhsul var.
2018-ci ildə salınan bağ 120 hektar idi, indi isə 280 hektara çatdırılıb. Aqroparkın icraçı direktoru Xanlar Həmidovun sözlərinə görə, bu mövsüm 3 min ton nar tədarük etməyi planlaşdırırlar: “İkinci məhsul ilindəyik və ağaclarda bar çoxdur. Ötən il də məhsul yaxşı idi, daxili bazarla yanaşı, xaricə də satış gerçəkləşdi. Məhsulumuz əsasən MDB ölkələrinə, müəyyən hissəsi isə Avropa bazarına göndərilmişdi”.
Bu il yığım mövsümü sentyabrın 26-da başlayıb və elə ilk günlərdə Rusiyaya 2 yük maşını məhsul göndərilib. Bununla yanaşı, yerli bazarlara da nar çıxarılır.
Xanlar Həmidov aqroparkın, həmçinin nar bağının ərsəyə gəlməsində dövlət dəstəyinin önəmli payı olduğunu bildirir. “Nar bağının hər hektarına görə ilk il 4 min manat subsidiya ödənilir, sonrakı illərdə isə 700 manat subsidiya ala bilirik ki, bu da önəmli dəstəkdir. Burada təkcə nar bağı deyil, həm də badam, şaftalı, ərik və digər meyvə bağları salınıb. Aqropark ərazisində bağçılıqla yanaşı, mövsümi əkinlər də yer alır. Ərazinin 200 hektarını pambıq, 200 hektarını arpa və buğda, 90 hektarını yonca sahəsi təşkil edir. Həmin əkinlərə görə də dövlət tərəfindən subsidiya verilir”.
Burada 164 daimi işçi çalışır. Mövsümlə əlaqədar isə əlavə 300-400 işçi də cəlb olunur.
Aqroparkda məhsulların itkisiz və təbii üsulla becərilməsi üçün yüksəkixtisaslı aqronomlar da işləyirlər. Onlardan 4 nəfəri İsraildə təlim-təcrübə keçib.
Aqronom Həmid Əzizli deyir ki, innovativ texnologiyalar əsasında becərilən nar bağlarından 3 min tonadək məhsul götürə bilirlər. Ən kiçik nar 200, ən böyüyü isə 750 qram çəkidə olur. Əsasən 350-400 qram çəkidə olan narlar üstünlük təşkil edir. Çeşidləmədə ayrılan narlar qablaşdırılır, satış üçün təqdim olunanlar yola salınır, məhsulun digər hissəsi isə soyuducu anbarda saxlanılır.