CƏMİYYƏT
SAATLIDA GÖRÜŞ
Dünya şöhrətli alim, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev hər il olduğu kimi yenə də Novruz bayramı ərəfəsində Saatlı rayonunda qaçqın və köçkünlərlə görüşmüşdür. Alim əvvəlcə rayon mərkəzində şəhidlərin xatirə abidəsinin önünə əklil qoymuş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.
Sonra Cəlal Əliyev qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdıqları çadır düşərgəsində olmuşdur. Bu görüşü çoxdan gözlədiyini bildirən alim qaçqın və köçkünləri Novruz bayramı münasibətilə təbrik etmiş, gətirdiyi 72 milyon manat pulu və Novruz sovqatlarını soydaşlarımıza paylamışdır. Görkəmli alim çadır düşərgəsindəki evlərə baş çəkmiş, məcburi köçkünlərin həyatı və gündəlik qayğıları ilə tanış olmuş, onların problemləri ilə maraqlanmışdır.
Qaçqınlar və Köçkünlər Cəlal Əliyevin gəlişindən razı qaldıqlarını bildirmiş, alimin qayğıkeşliyini, insanpərvərliyini yüksək qiymətləndirmişlər. Söhbət zamanı qaçqın və köçkünlər möhtərəm Prezidentimiz Heydər Əliyevin diqqət və qayğısını hər an hiss etdiklərini və bunu yüksək qiymətləndirdiklərini bildirmişlər. Onlar işğal altında olan torpaqlarımızın Prezident Heydər Əliyevin ardıcıl surətdə həyata keçirdiyi siyasət nəticəsində tezliklə azad olunacağına, öz ev-eşiklərinə dönəcəklərinə əmin olduqlarını söyləmişlər.
Sonra akademik Cəlal Əliyev yetişdirdiyi yeni buğda sortlarının əkildiyi kəndli-fermer təsərrüfatlarını gəzmiş, sahələrin becərilməsi vəziyyəti ilə maraqlanmış, fermerlərə lazımi məsləhətlər vermişdir.
Elə həmin gün Cəlal Əliyev Saatlıda yeni parkın tikintisinə baxmış, geniş ərazisi olan parkda xatirə ağacı əkmişdir.
Milli Məclisin deputatı Cəlal Əliyev sonra rayon mədəniyyət sarayında öz seçiciləri ilə görüşmüşdür. O, rayonda mövcud problemlərin həllindən, bu istiqamətdə görülən tədbirlərdən, qarşıda duran vəzifələrdən söz açmış, seçicilərin suallarına cavab vermişdir.