ELM VƏ TƏHSİL
Sabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında saat 10-da başlayacaq və 3 saat davam edəcək.
İmtahana qeydiyyat oktyabrın 29-dan noyabrın 23-dək aparılıb və bu müddət ərzində 59 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.