ELM VƏ TƏHSİL
“Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası” qrant layihəsi üzrə elmi tədqiqat işləri uğurla davam etdirilir
Bakı, 20 iyun (AZƏRTAC). “Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası” qrant layihəsi üzrə elmi tədqiqat işləri uğurla həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mustafa Mustafayev AZƏRTAC-a bildirmişdir ki, qrant layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə uğurla davam etdirilir. Tədqiqatın əsas məqsədi Kürqırağı ərazilərdə sel suları altında qalmış torpaqların münbitliyinin bərpa edilməsinin elmi və praktiki əsaslarını işləyib hazırlamaq və onu hədəf ərazilərdə tətbiq etməkdir. Tədqiqat obyekti Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarıdır.
Təcrübələr rayonun Minbaşı kəndində 5 hektar (hər biri 1 hektar olmaqla) sahədə aparılmışdır. Tədqiqatlar yerli fermer və təsərrüfatçılar tərəfindən müsbət qarşılanmışdır. Təcrübələr zamanı pambıq, taxıl, yonca, tərəvəz (pomidor, qarpız) bitkiləri altındakı torpaqlarda kəsimlər qoyulmuş, Ukrayna istehsalı olan bioqumus gübrəsindən istifadə olunmuş və yüksək nəticələr əldə edilmişdir.
2014-cü ildə yekunlaşacaq qrant layihə çərçivəsində mütəmadi olaraq yerli fermer və fərdi sahibkarlar üçün seminarlar təşkil edilir, onlara tövsiyə xarakterli bukletlər paylanılır.
Qrant layihəsinin müəllifləri AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev, aqrar elmlər üzrə fəlsəfə doktorları Mustafa Mustafayev, Qoşqar Məmmədov, Nailə Orucova, Eldar Qurbanov, Məmməd Məmmədov və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sübahət İsgəndərovdur.
Layihə çərçivəsində Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası üzrə fermer və fərdi təsərrüfatçılar üçün tövsiyə bukleti də nəşr olunmuşdur.