REGİONLAR
Sabirabadda 7 min hektardan çox pambıq sahəsində dondurma şumu aparılıb
Sabirabad, 8 fevral, Mahir Babayev, AZƏRTAC
Sabirabadda ötən ilin sonlarından pambıq sahələrində əkin üçün başlanan şum işləri davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə kimi rayonda 7 min 40 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 hektar çoxdur.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq cari ilin məhsulu üçün rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 9 min hektar sahədə pambıq əkilməsi üçün 2 min 52 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, ötən il rayonda 10 min 75 hektar sahədə pambıq əkilib və 31 min 618 ton məhsul yığılıb.