REGİONLAR
Sabirabadda məskunlaşan məcburi köçkünlər pambıqçılıq və baramaçılıqla məşğul olacaqlar
Sabirabad, 6 yanvar, Mahir Babayev, AZƏRTAC
Sabirabadın Rüstəmli, Yeni Şəhriyar və Yeni Gödəçüyür kəndləri ərazisində salınmış məcburi köçkün qəsəbələrində yaşayan köçkünlər üçün 55 hektar torpaq sahəsi ayrılıb.
AZƏRTAC xəbər verir ki, ayrılmış əkin sahəsində məcburi köçkünlər taxıl, bostan, tərəvəz və yem bitkiləri ilə yanaşı, pambıq və tut tingləri də yetişdirəcəklər.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahəyə marağı xeyli artırıb. Artıq qəsəbədə yaşayan məcburi köçkünlər bu ildən onlar üçün ayrılmış torpaq sahəsində pambıq əkəcəklər. Pambıq əkiləcək sahələrdə şumlama işləri başa çatdırılıb. Sahələrə üzvi və mineral gübrələr verilərək əkin üçün hazırlanıb.
“CTC Agro” şirkətinin aqronomu Əfrasiyab Hüseynov AZƏRTAC-a bildirib ki, məcburi köçkünlər bu ildən pambıqla yanaşı, barama da yetişdirəcəklər. Bunun üçün Rüstəmli qəsəbəsinin ərazisində bir neçə hektar torpaq sahəsi ayrılıb və burada Çindən gətirilmiş 5 min ədəd tut tingi əkilib. Məcburi köçkünlər tut tinglərinin yetişdirilməsi və mühafizəsi ilə bərabər, ipəkqurdu da bəsləyəcəklər. Bu da onlara əlavə qazanc götürməyə kömək edəcək.