REGİONLAR
Sabirabadlı fermerlər indiyədək 16 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar
Sabirabad, 27 noyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstrədiklərindən rayonda məhsul istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 136 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 36 min 196, buğda zəmilərindən isə 63 min 912 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 100 min 108 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39,8 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 16 min 732 hektar sahədə səpin aparıblar ki, bunun da 8 min 139 hektarı buğda, 8 min 593 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.