İQTİSADİYYAT
Şabranda kəndlərin qazlaşdırılması işi sürətləndirilmişdir
Şabran, 10 fevral (AZƏRTAC). Şabran rayonunun qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonun kənd yaşayış məntəqələrini təbii qazla təchiz edən 20 kilometr uzunluğunda Şabran-Vəlvələçay magistral qaz xətti yenidən tikilmiş, həmin xətdən mavi yanacaq alan kəndlərə yeni borular çəkilmişdir. Rayonun Ağalıq, Gəndov, Rəhimli, Şahnəzərli, Padar, Bor-Bor, Uzunboyad kəndlərində ümumi uzunluğu 2273 metr olan köhnə qaz xətti yenilənmişdir. İndiyədək qaz almayan 11 yaşayış məntəqəsinə xidmət edəcək 22 kilometr uzunluğunda Şabran-Pirəbədil-Zeyvə qaz xəttinin çəkilişi artıq başa çatmış, Zeyvə və Giləvar kəndlərində daxili xətlərin çəkilməsi yekunlaşmışdır. Əvvəllər qaz xətti olan hazırda qaz verilməyən Pirəmsən, Ərəblər, Leyti kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılmışdır. Dağbilici, Zöhramı, Pirəbədil kəndlərinin qaz təchizatının tikintisi üçün də müvafiq tədbirlər görülür.