CƏMİYYƏT
Şabranda məskunlaşmış ahıska türkləri ilə bağlı tədbir keçirilmişdir
Şabran, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Şabran rayonunun Udulu kəndində Nəqliyyat Nazirliyi, “Azersun Holding” şirkəti və “Hədəf” nəşriyyat evinin dəstəyi ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (İB) tərəfindən ahıska türklərinin Gürcüstandan deportasiya olunmalarının 68-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri Esmira Orucova çıxış edərək ahıska türklərinin tarixindən danışmış, onların 3 dəfə- 1828-1829, 1944 və 1989-1992-ci illərdə deportasiyaya məruz qaldıqlarını bildirmişdir. Qeyd etmişdir ki, 1989-cu il Fərqanə soyqırımı zamanı Azərbaycana pənah gətirmiş bu insanlar Xocalıda yerləşdirilmişlər. Sonradan Xocalı faciəsi zamanı azərbaycanlılarla birgə məhv edilmiş, əsir götürülmüş, insanlığa sığmayan dəhşətli işgəncələrə məruz qalmışlar.
İB-nin sədri bildirmişdir ki, ahıska türkləri hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. Udullu kəndində isə ahıska türkləri Xocalıdan didərgin düşdükdən sonra məskunlaşmışlar.
Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sovet Allahverdiyiev, ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Məmmədov onlarla yerli əhali arasında heç bir fərq qoyulmadığını bildirmişlər.
Tədbirdə məlumat verilmişdir ki, hazırda Azərbaycanda 70 minə yaxın ahıska türkü yaşayır və bu insanlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, onlar Azərbaycana öz doğma vətənləri kimi baxırlar.
Udulu kəndində yaşayan, Xocalı işğal olunan zaman ailəliklə girov götürülmüş, hələ də 2 oğlu əsirlikdə olan, Ermənistanın eks-prezidenti Robert Koçaryan tərəfindən ağır işgəncələrə məruz qalmış hacı Gülalı Binaliyev bildirmişdir ki, əsir, girov və itkin ailələrinə mənəvi dəstək hər zaman lazımdır. O, Xocalı soyqırımı zamanı şahidi olduğu dəhşətli faciələr haqqında danışmağa çətinlik çəkdiyini demişdir.
Tədbirin sonunda Xocalı soyqırımına məruz qalmış ahıska türklərinə mənəvi dəstək olmaq məqsədilə əsir, girov götürülən, itkin düşənlərin və şəhidlərin ailələrinə ərzaq və geyim paylanılmışdır.