REGİONLAR
Şabranın Pirəmsən kəndinin sakinləri yaxın günlərdə təbii qazdan istifadə edəcək
Xaçmaz, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Dövlət proqramına uyğun olaraq Şabran rayonunda əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonunun 900-ə yaxın əhalisi olan Pirəmsən kəndinin qazlaşdırılması prosesi başa çatmaq üzrədir. Yaşayış məntəqəsinin “mavi yanacaq”la təminatı işlərinə fevral ayından başlanılıb. Hazırda məhəllələrarası qaz xətləri çəkilir. Yaxın gələcəkdə abonentlər üçün sayğaclar da quraşdırılacaq. Ümumilikdə yaşayış məntəqəsində qazlaşdırma işlərinin 65 faizi tamamlanıb. Kəndə aprel ayında təbii qazın verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu il “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Pirəmsən kəndi ilə yanaşı Pirəbədil, Günəşli, Xəlilli, Dağbilici, Zöhramı, Sumaqova kəndlərinə də təbii qazın verilməsi planlaşdırılıb. Hazırda Şabran rayonunda təbii qaz istehlakçılarının sayı 99 min 104 nəfərdir ki, bu da rayon əhalisinin 74 faizini təşkil edir.