SAĞLAM HƏYAT TƏRZİNİ SEÇƏK!
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da Dövlət Dillər Universitetində “Narkomanlıq əsrin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işci qrupunun rəhbəri İsrafil Əliyev, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşı Tanrıverdi Aydınov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sücəddin Abdullayev, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Dilşad Mahmudova və başqaları konfransda çıxış etmişlər.
Qeyd olunmuşdur ki, bu gün müstəqil respublikamızın qarşısında duran əsas məsələlərdən biri də fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsindən ibarətdir. Çünki məhz bu yolla ölkənin inkişafını qoruyub saxlaya biləcək gələcək nəsli həyata hazırlamaq mümkündür.
Bildirilmişdir ki, son illər ölkəmizdə bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə bir sıra tədbirlər görülmüş, normativ sənədlər qəbul olunmuşdur.
Eyni zamanda, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə, QİCS-ə yoluxma halları ilə bağlı mövcud vəziyyət konkret faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Vurğulanmışdır ki, bu ilin 10 ayı ərzində narkotik vasitələrdən istifadə etmə, yayma və digər hallarla bağlı 2.110 fakt aşkarlanmış, 1.748 nəfər məsulliyyətə cəlb olunmuşdur. QİÇS vırusuna yoluxma ilə əlaqədar yeni faktlar isə ilbəil artmaqdadır və son illər ərzində bu, 180-200 nəfər təşkil edir.
Natiqlər faciə doğuran bu problemlərin qarşısını almaq məqsədi ilə hüquq mühafizə orqanları ilə gənclər təşkilatlarının əməkdaşlığının daha da möhkəmləndirilməsinin, maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini qeyd etmişlər.
Elmi-praktik konfransın sonunda müvafiq qurumların əməkdaşları, ekspertlər müəllim və tələbələri maraqlandıran sualları cavablandırmışlar.