DÜNYA
Sağlamlığı qulaqdan və saçdan müəyyən etmək olar
Bakı, 17 fevral (AZƏRTAC). Əgər saç ləng uzanırsa, bu, əsəb sisteminin zəif olduğunu təsdiq edir. Saçın çox tökülməsi isə qalxanabənzər vəzinin hiperfunksiyasından xəbər verir.
Əgər saç tez qırılırsa, bu, bağırsaq disfunksiyasının əlaməti ola bilər. Saç sürətlə tündləşirsə, deməli, öd kisəsi və ya qaraciyər xəstəliyi riski vardır.
Düzgün qidalanmadıqda insanda saçların vəziyyəti tez-tez dəyişir. Məsələn, həddindən artıq qəhvə, yağ, duz, ət və şəkər qəbul etdikdə başda kəpək əmələ gəlir, çox duzlu qida isə saçların vaxtından əvvəl ağarmasına səbəb olur. Saçların vaxtından qabaq ağarması onların qanla kifayət qədər təchiz olunmamasının da nəticəsi ola bilər.
Nazik qulaqlar insanın böyük yaradıcılıq potensialına malik olduğunu göstərir. Yüksək dərrakəli adamların adətən böyük qulaqları olur. Əgər böyük qulaqlarda sırğalıq hissə aydın şəkildə seçilirsə, deməli insanın yaxşı irsiyyəti və uzunömürlülüyə aparan böyük sağlamlıq ehtiyatı vardır.
Solğun qulaqlar qan dövranının pozulmasından və qanazlığından xəbər verir. Qırmızı qulaqlar isə böyrəklərin funksiyasının pozulduğunu göstərir. Ürək çatışmazlığı və vərəm xəstəliyi zamanı qulaqlar adətən göy rəngdə olur.
Əgər qulağın sırğalığı yumşaq və ətlidirsə, heç bir şey üçün narahat olmağa dəyməz - deməli, insan sağlamdır. Qulaqda sırğalığın qalın olması köklüyə meyilliliyi, qırışıq olması isə orqanizmin ümumən zəhərləndiyini və infarktın mümkünlüyünü göstərir.