REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 21 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında növbəti yaradıcılıq müsabiqəsi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə müvafiq kateqoriyadan olan uşaqlar tərəfindən ana dilimizə həsr olunmuş şeirlər səsləndirilib. Müsabiqənin yekununda münsiflər heyətinin qərarına əsasən, ən yaxşı nəticə göstərmiş üç iştirakçıya diplomlar, bütün iştirakçılara isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib.
Bu kimi tədbirlərin təşkilinin məqsədi həm də sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişafının - intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının artırılmasından ibarətdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə müxtəlif yaradıcılıq tədbirlərinin, bilik müsabiqələrinin təşkili onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.