İQTİSADİYYAT
Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni mərkəz fəaliyyətə başlamışdır
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək mərkəzinin açılışı olmuşdur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, açılışda nazirliyin və bir sıra əlil təşkilatlarının nümayəndələri iştirak etmişlər. Yeni mərkəz nazirliyin maliyyə dəstəyi ilə “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən yaradılmışdır.
Mərkəzin yaradılmasının məqsədi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını qabaqcıl dünya təcrübəsi əsasında sosial tibbi model üzrə, yəni fəal fizioterapiya, ergoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlarla aparmaqdır. Bu metodlar ənənəvi reabilitasiyadan daha səmərəli nəticələr verir.
Mərkəzdə daun və autizm sindromu, nitq problemi, diqqət və yaddaş pozğunluğu, əzələ bağlılığı və tonusu olan uşaqların müəyyən edilməsi müasir metodlarla aparılacaq, hər bir uşağa fərdi plan üzrə xidmətlər göstəriləcəkdir.