REGİONLAR
Şahbuz rayonunda növbəti əmək yarmarkası təşkil olunub
Şahbuz, 27 noyabr, AZƏRTAC
Cari ilin ötən on ayında Şahbuz rayonunda 286 nəfər işlə təmin edilib.
Bu barədə Şahbuz rayonunda təşkil olunan növbəti əmək yarmarkasında məlumat verilib.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək, muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb. Bildirilib ki, məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insanların daimi işlə təmin olunmasına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il dekabrın 18-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikada məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.
Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxışında bildirib ki, son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib. Kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa göstərilən hərtərəfli dövlət dəstəyi yeni iş yerlərinin yaradılmasına səbəb olub. Təkcə 2014-cü ildə keçirilən 4 əmək yarmarkasında 105 nəfər, ümumilikdə isə 315 nəfər işaxtaran işlə təmin edilib.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. Altı təşkilatdan 106 boş iş yerinin çıxarıldığı yarmarkada 14 nəfərə işə göndəriş verilib.