REGİONLAR
“Şahdağ”-“Mil Muğan” qarşılaşmasında qapılara dörd qol vurulub
Qusar, 30 sentyabr , Elxan Yusifli, AZƏRTAC
Futbol üzrə Azərbaycanın çempionatının birinci divizionunda mübarizə aparan Qusarın “Şahdağ” futbol klubu cari mövsümdə öz meydanında keçirdiyi ikinci matçdan bir xalla ayrılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da qusarlılar IV tur çərçivəsində Şövkət Orduxanov adına Qusar şəhər stadionunda “Mil Muğan” kollektivini sınağa çəkib.
Gərgin keçən matçın ilk hissəsində qapılara top vurulmayıb. Oyunun 65-ci dəqiqəsində qonaqların futbolçusu Samir Babayev hesabı açıb. Bundan 11 dəqiqə sonra “Şahdağ” bərabərlik qolunu vura bilib. Qusarlıların heyətində Habil Nurəhmədov fərqlənib - 1:1. Az sonra Kamil Nurəhmədov meydan sahiblərini hesabda önə çıxarıb - 2:1. Amma “Şahdağ” qələbəni sonadək qoruyub saxlaya bilməyib. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə “Mil Muğan”ın futbolçusu Mansur Nəhavəndi hesabı bərabərləşdirib - 2:2. Matç bu hesabla da başa çatıb.
Turun digər oyunlarında “Rəvan” 3:2 hesabı ilə Bakılı”ya qalib gəlib. “Zaqatala” isə doğma meydanda “Şəmkir”ə məğlub olub - 1:2.