İQTİSADİYYAT
“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 50 faizi tamamlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
“Şahdəniz Mərhələ 2” layihəsi üzrə hazırda ümumilikdə işlərin (mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla) 50 faizi tamamlanıb və proses ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun gedir.
“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında “Şahdəniz Mərhələ 2” irəliləyişə davam edərək bir sıra hədəflərə qrafikdən əvvəl nail olub. Üçüncü rübdə layihə üzrə Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Sinqapurdan yola salınıb. Bu seksiyaların çəkisi ümumilikdə 10 min 800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz 2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
18 mindən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.