İQTİSADİYYAT
Sahibkarlar üçün seminarlar təşkil edilib
Bakı, 14 may, AZƏRTAC
"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində mayın 14-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Accessbank" QSC-nin baş ofisində "Sahibkarlar üçün rəqəmsal maliyyə texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər" mövzusunda seminar təşkil olunub.
ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə "İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər", "Rəqəmsal satış kanalları və “e-commerce”in biznesin inkişafında rolu" və "Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu" mövzularında təlimlər keçirilib və bu istiqamətdə müzakirələr aparılıb.
Seminarda "Kapital Bank" ASC-nin, "Accessbank" QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış ediblər.