İQTİSADİYYAT
Sahibkarların korporativ istiqrazlar üzrə öhdəliklərinə təminat verilməsi mexanizminə həsr olunmuş görüş keçirilib
Bakı, 5 sentyabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondunda “İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat verilməsi mexanizmi”nə həsr olunmuş görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, ölkədə fəaliyyət göstərən investisiya şirkətləri və “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin təmsilçilərinin iştirak etdiyi görüşdə yeni mexanizmin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Qeyd edilib ki, qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına Fondun zəmanət verməsi onlar tərəfindən buraxılan və manatla ifadə olunan korporativ istiqrazların likvidliyini və cəlbediciliyini artıraraq, sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirir. Mexanizmin tətbiqinin, həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından da əhəmiyyətli olduğu vurğulanıb.
Qeyd edək ki, Fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2023-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmana uyğun olaraq, sahibkarlara dəstək alətlərinin çeşidinin artırılması məqsədilə qiymətli kağızların emitenti olan sahibkarlara Fond tərəfindən təminatın və müvəkkil banklara portfel təminatının verilməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar hazırlanıb.