İDMAN
Şahmat üzrə yeni Qran-Pri seriyasının bir mərhələsi İranda keçiriləcəkdir
Bakı, 23 iyun (AZƏRTAC). Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov öz Tvitter səhifəsində bildirmişdir ki, şahmat üzrə yeni Qran-Pri seriyasının bir mərhələsinin İranda keçirilməsi barədə İran Şahmat Federasiyasının prezidenti Məhəmməd Kambuziya ilə kontrakt imzalanmışdır.
AZƏRTAC İlyumjinovun köməkçisi Berik Balqabayevə istinadla bildirir ki, Qran-Pri mərhələsinin İranda keçirilməsi barədə bu ölkənin Şahmat Federasiyasının prezidenti Məhəmməd Kambuziya ilə kontrakt Dubayda dünya çempionatı zamanı imzalanmışdır.
B.Balqabayev onu da əlavə etmişdir ki, turnirin hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil, çünki bu turnirə ev sahibliyi etmək arzusunda olan şəhərlər çoxdur. Bu məqsədlə tender keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Bakı yeni Qran-Pri seriyasının turnirlərindən birinə ev sahibliyi etməyə hazırdır.
Bütövlükdə Qran-Pri yarışları silsiləsinin, onun ayrı-ayrı mərhələlərinin keçirilmə müddətləri və digər detallar hələ məlum deyil.