RƏSMİ XRONİKA
ŞAİR OLJAS SÜLEYMENOVA
Sizi, görkəmli şair və ictimai xadimi yubileyiniz münasibətilə təbrik edir, Sizə səadət, cansağlığı və xoşbəxtlik arzulayıram.
Sizin ədəbiyyat sahəsindəki elə ilk addımlarınız nadir istedadınızdan xəbər verirdi. Hələ gənclik illərindən qazandığınız populyarlıq Sizi tanınmış bir şəxsiyyətə çevirmişdi. Sovet dövrünün intellektual elitası poeziya, nəsr, tarix, ədəbiyyatşünaslıq sahəsində yaratdığınız bütün əsərlərinizə eyni dərəcədə valeh olurdu.
Keçmiş Sovet İttifaqında cərəyan edən mürəkkəb siyasi proseslərdə Siz öz yaradıcılıq və həyat amalınızı əks etdirən aydın mövqe tuta bildiniz. “Nevada-Semipalatinsk” ictimai hərəkatını yaradaraq, Siz öz fəaliyyətinizlə göstərdiniz ki, bir insanın mövqeyi çox adamın gələcəyi üçün taleyüklü ola bilər.
Unudulmaz qanlı yanvar faciəsi günlərində Siz itkilərimizin bütün ağrı-acısını Azərbaycan xalqı ilə bölüşmüş nadir ictimai xadimlərdən biri idiniz. Bakıda baş vermiş hadisələr haqqında həqiqət məhz Sizin kimi şəxsiyyətlərin cəsarəti sayəsində dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
Yubileyinizin YUNESKO tərəfindən elan olunmuş Planetar şüur və beynəlxalq dialoq etikası İlində keçirilməsi dərin rəmzi məna daşıyır. Doğrudan da, bütün həyatınız məhz həmin ideyaların reallığa çevrilməsinə həsr olunmuşdur. Bu, Sizin ədəbi və elmi yaradıcılığınızda, həm də ictimai fəaliyyətinizdə özünü eyni dərəcədə göstərmişdir. Ümidvaram ki, belə də davam edəcəkdir.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2006-cı il.