İQTİSADİYYAT
Saltuk Düzyol: TANAP-ın 550 kilometrlik hissəsində boruların qaynağı tamamlanıb
Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri (TANAP) marşrutu üzrə indiyədək 774 kilometr uzunluğunda xəndək qazılıb, 670 kilometr boru xətt boyunca düzülüb, 550 kilometr uzunluğunda borular isə qaynaq edilib. TANAP qaz boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən başlayaraq “Botaş” şirkətinə Azərbaycan təbii qazının təslim ediləcəyi Əskişəhərə qədər olan birinci fazası üzrə borular qaynağının 40 faizi tamamlanıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, hazırda boru kəmərinin tikintisi sahələrində 5 mindən çox işçi çalışır. Yaxın vaxtda isə bu rəqəm 8 minədək artacaq.
“Lot-4” tenderi, yəni TANAP-ın Əskişəhərdən Avropayadək olan hissəsinin tikintisini həyata keçirəcək podratçılar artıq sahələrdə işlərə başlayıblar. Bu, boru kəmərinin ən mühüm hissəsidir. Çünki, həmin hissədə kompressor və ölçmə stansiyalarının tikintisi həyata keçiriləcək. Bu gündən etibarən kompressor və ölçmə stansiyalarının inşası işlərinə start verilib”, - deyə S.Düzyol əlavə edib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,5 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.